Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 2016-cı ilin sentyabr ayından etibarən Bakı şəhərinin 31, 32, 126, 164, 258 №-li məktəblərində həyata keçirdiyi yol hərəkəti təhlükəsizliyi üzrə tədrisinin yekunu olaraq məktəblər arasında müsabiqələrə start vermişdir. Bu fəaliyyətin bir hissəsi olaraq, 2017-ci ilin yanvar və fevral aylarında AMAK Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, İngiltərə Səfirliyinin Azərbaycandakı nümayəndəliyi və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin Texniki Yaradıcılıq Şöbəsinin müdiri Fəridə Süleymanova ilə birgə 5 fərqli nominasiya üzrə qeyd olunan pilot məktəblər arasında müsabiqələr keçirmişdir. İlk nominasiya üzrə müsabiqə “Yol Hərəkəti Təhlükəsizliyi mövzusunda Rəsm” adı altında keçirilmişdir. Müsabiqə zamanı iştirakçılara aşağıda qeyd olunan 5 fərqli və çox mühüm yol hərəkəti təhlükəsizliyi mövzusunda mesajlar təqdim olunmuşdur:
- Hər bir uşaq təhlükəsiz və sürətə nəzarət olunan yollarla məktəbə gedib-gəlməlidir.
- Hər bir uşaq maşında səfər edərkən mütləq təhlükəsizlik kəmərini taxmalıdır. Təhlükəsizlik kəmərləri sizin həyatınızı xilas edir!
- Valideynlər avtomobillərində körpələrin təhlükəsizliyi üçün uşaq oturacaqlarından istifadə etməlidir.
- Dünyada ən çox yol qəzalarına səbəb içkili halda avtomobildən istifadə etməkdir. İçkili olarkən avtomobildən istifadə edənlər cəzalandırılmalıdır.
- Velosiped sürərkən dəbilqədən (kaska) istifadə etmək sizin qəza zamanı beyin zədəsi alma riskinizi azaldır.
Şagirdlər bu mövzulardan bir və ya bir neçəsini könüllü olaraq seçib öz rəsmlərində əks etdirmişdirlər.
Bu müsabiqənin ardınca, “Yol Hərəkəti Təhlükəsizliyi mövzusunda Viktorina” adlı ikinci müsabiqə həyata keçirilmişdir. Bu müsabiqə zamanı şagirdlərə komandalar şəklində layihə çərçivəsində Yol Hərəkəti Təhlükəsizliyi Tədrisi zamanı əldə etdikləri bilik və bacarıqlarını yoxlamaq məqsədilə müxtəlif suallar verilmiş, yol hərəkəti qayda pozuntuları əks olunmuş şəkillər təqdim olunaraq şagirdlərdən fikirlər alınmış, müxtəlif yol hərəkəti situasiyalarına münasibətləri öyrənilmiş və son olaraq AMAK rəhbərliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, İngiltərə Səfirliyinin Azərbaycandakı nümayəndəliyi və Yol Hərəkəti Təhlükəsizliyi tədrisi üzrə çoxillik təcrübəyə malik olan Fəridə Süleymanova tərəfindən uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı ümumi biliklərini müəyyən etmək məqsədilə açıq suallar verilmişdir.
Müsabiqələr üzrə 3-cü nominasiya “Yol Hərəkəti Təhlükəsizliyi üzrə Maarifləndirici Video” adı altında həyata keçirildi. Hər bir müsabiqədə olduğu kimi, bu müsabiqədə də Yol Hərəkəti Təhlükəsizliyinin tədrisi prosesində təlimçi olaraq iştirak edən ADA və Qafqaz Universitetinin bir qrup qabaqcıl tələbələri şagirdlərə rəhbərlik edərək öz məktəbləri ətrafında yol hərəkəti qaydalarını pozan sürücü və ya piyadalara yaxınlaşaraq tədris zamanı öyrəndikləri bilikləri paylaşmaq və bununla da ictimai maarifləndirmə aparmaq məqsədi daşıyırdı.
Növbəti nominasiyalarından olan “Yol Hərəkəti Təhlükəsizliyi üzrə Səhnəcik” müsabiqəsi komandaların könüllü olaraq seçdikləri yol hərəkəti təhlükəsizliyi mövzusunu səhnəcik şəklində canlandırmaq və xüsusi olaraq vurğulamaq istədikləri yol hərəkəti qaydalarını izləyicilərə xatırlatmaq məqsədi daşıyırdı.
Müsabiqələrin 5-ci nominasiyanın mövzusu “Əgər mən dövlət məmuru olsaydım, nə edərdim” adı altında tövsiyyələr toplusu oldu. Komandalar səlahiyyətləri olduğu təqdirdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı ölkənin azyaşlı vətəndaşları olaraq gündəlik qarşılaşdıqları çətinliklər, risklərin aradan qaldırılması məqsədilə etmək istədiklərini tövsiyyələr formatında jüriyə təqdim etdilər.
Yekun olaraq müsabiqədə iştirak edən jüri nümayəndələri – AMAK rəhbərliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, İngiltərə Səfirliyinin Azərbaycandakı nümayəndəliyi və Yol Hərəkəti Təhlükəsizliyi tədrisi üzrə Azərbaycanda çoxillik təcrübəyə malik olan Fəridə Süleymanova qaliblərin seçilməsi prosesində birbaşa iştirak etmişdir. Qaliblər valideynlərin də iştirakı ilə təşkil olunacaq yekun tədbirdə elan olunacaqdır.
Fürsətdən istifadə edib AMAK-ın məktəblər arasında keçirdiyi Yol Hərəkəti Təhlükəsizliyinin tədrisi prosesində nümayiş etdirdikləri böyük həvəs və dəstəyə, eyni zamanda, tədris prosesinin yüksək səviyyədə icra olunması üçün göstərdikləri davamlı əməkdaşlığa görə layihədə iştirak edən hər bir məktəbin rəhbərliyinə, müəllim heyətinə, şagirdlərinə dərin minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, AMAK 1999-cu ildə təsis olunmuş və 2015-ci ildə Beynəlxalq Avtomobil Federasiyasına (FİA) üzv qəbul olunmuşdur. AMAK yol yardımı xidməti, avtomobil ilə bağlı texniki, hüquqi məsləhətlər və klub üzvlərinə eksklüziv bonus və endirim proqramları təqdim edən avtomobil klubu olmaqla yanaşı, Azərbaycanda avtomobil turizmi və klub mədəniyyətini inkişaf etdirməyə xidmət edir, avtomobilistlərin maraqlarını və onları narahat edən məsələləri müvafiq dövlət qurumlarına çatdırmaqla onları təmsil edir. Qeyd olunanlarla yanaşı, sürücülərin təlim proqramlarının təşkili, sürücü və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə, eləcə də, tədqiqat layihələri vasitəsilə fəal şəkildə yol təhlükəsizliyinin təbliği AMAK-ın başlıca hədəflərindəndir.
AMAK, eyni zamanda, beynəlxalq partnyorları olan Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST), Beynəlxalq Avtomobil Federasiyası (FIA), Beynəlxalq Avtomobil Federasiyası Fondu (FIA Foundation), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Avtostop Media həm də digər tərəfdaşların iştirakı ilə bir sıra layihələr icra etməkdədir.








