No Image

Qaydalar və Şərtlər

AMAK üzvlük şərtləri 2018

Azərbaycan  Milli Avtomobil Klubu (AMAK) İctimai Birliyi tərəfindən üzvlərinə təqdim edilən xidmətlərdən istifadəedilməsi üzrə təlimat

1.    Ümumi müddəalar

1.1.    Məqsəd - AMAK-ın məqsədi avtomobil nəqliyyatının istifadəçilərinə texniki, hüquqi, informasiya təminatı və digər məsələlərdə dəstək verməkdən ibarətdir.

1.2.    Üzv - 1999-cu ildə təsis olunmuş, 2015-ci ildə 140 ölkədən olan 235-dən çox avtomobil klubunun və 80 milyondan çox şəxsin üzv olduğu Beynəlxalq Avtomobil Federasiyasına (FIA) üzv qəbul edilmiş AMAK-a yetkinlik yaşına çatan, qanunvericiliklə müəyyən olunmuş qaydada nəqliyyat vasitəsi üzrə idarəetmə, sahiblik və sərəncam vermək hüququ olan və / və ya nəqliyyat vasitəsinə malik olmayan, lakin aşağıda göstərilən üzvlük kartına sahib olan hər bir anlaqlı şəxs üzv ola bilər.

1.3.    Üzvlük üstünlükləri - müvafiq kart sahibi (istifadəçisi) olan AMAK üzvlərinə AMAK və AMAK-ın çoxsaylı partnyor şirkətləri tərəfindən çeşidli və peşəkar xidmətlər xüsusi endirimlə və bonus proqramları ilə təqdim olunur. Həmçinin AMAK kartını təqdim etmiş şəxsin bonus hesabına bonus şəklində əlavə olunur.

1.4.    Xidmətlərin tətbiq ərazisi – Bakı və Xırdalan şəhərləri.

1.5.    Məlumat dəstəyi - Üzvlük və AMAK + bonus proqramı haqqında məlumatları 24/7 rejimdə fəaliyyət göstərən əlaqə mərkəzinə *5858 nömrəsinə zəng etməklə və ya www.amak.az internet, eləcə də AMAK-ın sosial media səhifələrindən əldə etmək olar. Əlaqə mərkəzinə daxil olan zənglər xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qeydə alınır.

2.    Üzvlük kartları

2.1.    Növləri və qiymətləri - Sahibinə aid unikal kodu və barkodu daşıyan, bonusların hesablanıb ödənilməsini təmin edən, eyniləşdirilmə modullu AMAK-ın fərdi üzvlük kartlarının aşağıdakı növləri (üzvlük paketləri) vardır:

Starter –          ödənişsiz
Pro –               99 manat
VIP –               299 manat

Üzvlük kartları AMAK-ın və onun partnyorlarının razılığı olmadan  istifadə üçün digər şəxslərə verilə və ya özgəninkiləşdirilə bilməz.

2.2.    İstifadə müddəti - Starter üzvlük paketinin 90 gün sınaq / istifadə müddəti var. Sınaq müddəti bitdikdən sonra ya Pro, ya da VIP üzvlük əldə etmək olar. Pro və VIP kartlarının istifadə müddəti 1(bir) il təşkil edir. Təkrar ödəniş etməklə kartlardan istifadə müddəti hər növbəti il üçün uzadılır.

2.3. Üzvlük kartlarının istifadə müddəti bitdikdən sonra həmin kartlar üzrə bonus və endirim proqramı daxil olmaqla bütün imtiyazlar ləğv edilir.

2.4.    Üzvlük paketləri çərçivəsində hər hansı bir və ya bir neçə xidmət kateqoriyası üzrə pulsuz xidmətlərdən istifadə bitdikdən sonra, üzv endirimli qiymətlərlə eyni xidmətlərdən müvafiq ödəniş etməklə istifadə edə bilər.

2.5.    Kartın əldə edilməsi – üzvlük kartlarının alınması üçün ödəniş www.amak.az internet səhifəsi üzərindən, bank kartı vasitəsilə və ya nağd ödənişlə həyata keçirilir. Ödəniş etdikdən sonra üzvlük kartı 10 iş günü ərzində kart sahibinə çatdırılır. Üzvlük üzrə ödəniş bank kartı ilə edilibsə, üzvlük hesabı dərhal aktivləşdirilir. Nağd ödəniş zamanı, kart üzvə çatdırılan zaman və ödəniş nağd qəbul edildikdən sonra aktiv olunur.

Qeyd: Starter üzvlük paketini əldə etmiş şəxslərə üzvlük kartı yalnız elektron səkildə e-mailə göndərilir

2.6. İstifadə müddəti bitdikdən sonra 30 gün ərzində üzvlük kartı yenilənməsə, istifadə olunmamış bonuslar sıfırlanacaq. Üzvlük kartı, kartın istifadə müddəti bitdikdən sonra 30 gün ərzində yenilənərsə, istifadə olunmamış bonuslar qorunub saxlanılır.  

3.    Xidmətlər

3.1.    Üzvlük paketlərinə daxil olan xidmətlər:

3.1.1.    24/7 Əlaqə Mərkəzi Xidməti

Üzvlük paketindən asılı olaraq, buraya üzvlərə AMAK fəaliyyəti, xidmətləri haqqında məlumat, telefon vasitəsilə avtomobil ilə bağlı texniki məsləhətlər, avtomobildə olan texniki nasazlıqların müəyyən edilərək müvafiq yardımın və ya xidmətin təyin edilməsi daxildir.

3.1.2.    Təcili Yol Yardımı:
Təcili yol yardımı xidməti dedikdə avtomobildə olan kiçik texniki nasazlıqların operativ qaydada bilavasitə yerindəcə aradan qaldırılması nəzərdə tutulur. Buraya akkumulyatorun dəyişdirilməsi, təkərin dəyişdirilməsi, zədələnmiş təkərin təmiri, ötürücünün (datçiklərin) dəyişdirilməsi, mühərrik yağının əlavə edilməsi, işıq lampalarının dəyişdirilməsi, şüşə təmizləyən fırçaların dəyişdirilməsi və su qabının doldurulması, antifrizin əlavə edilməsi, elektron açar batareyasının dəyişdirilməsi, elektrik sistem qoruyucusunun dəyişdirilməsi, ehtiyat yanacağın çatdırılması və sairə xırda texniki xidmətlər daxildir.

Təcili Yol Yardımı Xidmətləri:

Akkumulyator doldurulması

Ötürücülərin (datçiklərin) dəyişdirilməsi

Antifrizin əlavə edilməsi

Mühərrik yağının əlavə edilməsi

Əyləc mayesinin əlavə edilməsi

Sükan hidravlik yağının əlavə edilməsi

Təkər dəyişmə

Hava filtrinin dəyişdirilməsi

İşıq lampalarının dəyişdirilməsi

Şüşə təmizləyici firçaların dəyişdirilməsi

Elektron açar batareyasının dəyişdirilməsi

Elektrik sistem qoruyucusunun dəyişdirilməsi

3.1.3. Təkər xidmətləri:

Təkər dəyişmə: üzvün ehtiyat təkəri olduğu halda, yolda təkərin dəyişdirilməsi xidmətini nəzərdə tutur. Bu xidmət üzvlük paketinə daxildir.

Zədələnən təkərin təmiri: xidmət ödənişli əsaslarla həyata keçirilir və üzvlük paketinə daxil deyil.

Təkər xidməti (Vulkanizasiya və balanslaşdırma): xidmət ödənişli əsaslarla həyata keçirilir və üzvlük paketinə daxil deyil.

3.1.4.    Ehtiyat yanacağın çatdırılması:

Avtomobilin yolda yanacağı qurtardığı təqdirdə avtomobili ən yaxın yanacaqdoldurma məntəqəsinə çatdırılması üçün ehtiyat yanacaq (maksimum 10 litr) ilə təmin edilməsi; Ehtiyat yanacağa görə ödəniş xidmət göstərildiyi zaman üzv tərəfindən (nağd və ya bank kartı vasitəsilə) ödənilməlidir.

3.1.5.   Evakuator xidməti:

Evakuator xidməti üzvlük paketi çərçivəsində 25 km məsafəyədək ödənişsiz təşkil olunur, Bakı və Xırdalan şəhəri daxilində istənilən yerə çatdırılmanı nəzərdə tutur. Gediləcək məsafə 25 km-dən artıq olarsa, üzvə əlavə ödəniş əsasında endirimli qiymətlə xidmət göstərilir. Üzvün avtomobilini işlək vəziyyətə gətirmək mümkün olmadıqda və avtomobil evakuasiya olunduqda, PRO paketi olan üzv taksi ilə, VİP paketi olan üzv isə 1 günlük avtomobil ilə təmin edilir.

Əgər üzv hər hansı bir səbəbdən evakuasiya xidmətindən imtina edərsə və evakuator məkana çatmayıbsa, bu zaman üzvdən heç bir ödəniş tələb olunmur. Yalnız imtina evakuator məkana çatdıqdan sonra olunarsa, bu halda üzv 5 AZN məbləğində ödəniş etməlidir.

3.1.6.    Kompüterlə diaqnostika:

Avtomobilin texniki vəziyyəti ilə bağlı kompüter vasitəsilə diaqnostikası xidmətinin təqdim edilməsi.

3.1.7. Texniki məsləhət xidməti

Avtomobilinizin texniki və mexaniki göstəriciləri üzrə məsləhətlər və tövsiyələr.

3.1.8. Hüquqi yardım

Hüquqi yardım xidmətinə avtomobil və yol hərəkəti ilə əlaqədar hüquqi sualların cavablandırılması, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar olaraq tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatların əldə edilməsi daxildir.

3.1.9. Sığorta Xidməti

AMAK, əməkdaşlıq etdiyi rəsmi sığorta partnyoru ilə üzvlərinə xüsusi endirimlə eksklüziv sığorta məhsulları təqdim edir.
 
3.1.10.    Konsyerj Xidməti  
Konsyerj xidməti eksklüziv olaraq VİP üzvlük paketinə sahib olan üzvlərə təqdim edilir. Buraya servis mərkəzlərində üzvə rahat olan günün və saatın rezervasiya olunması, akkumulyator, mühərrik yağı, təkərlərin və ehtiyat hissələrinin endirimli qiymətlərlə sifarişi və çatdırılması daxildir.

Qeyd: Bütün xidmətlərdən istifadə imkanı və sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xidmətlərin istifadə limiti bitdikdə üzv ödəniş etməklə və endirimli qiymətlərlə bu xidmətlərdən (konsyerj xidməti və hüquqi yardım istisna olmaqla) istifadə edə bilər. Starter paketi istifadəçiləri də yuxarıda göstərilən xidmətlərdən endirimli qiymətlərlə yararlana bilərlər.

Qiymətlər avtomobilin modelindən asılı olaraq dəyişə bilər. Qiymətlər www.amak.az səhifəsində yerləşdiriləcək.

3.3.    Kartlar üzrə təqdim edilən xidmətlərin növləri

3.3.1.    VIP paketinə yuxarıda sadalanan və yalnız üzvlük paketinə daxil olan xidmətlər daxildir. Ətraflı məlumat üçün – www.amak.az
3.3.2.    Pro paketinə - təcili yol yardımı, 24/7 əlaqə mərkəzi, evakuator, kompüter diaqnostikası, ehtiyat yanacaq, təkər xidmətləri, sığorta xidmətləri eləcə də bonus və endirim proqramları  daxildir.
3.3.3.    Starter paketinə 24/7 əlaqə mərkəzi, bonus proqramı (3 ay) və kompüterlə diaqnostika (1) xidmətləri daxildir.

4.    Xidmətlərdən  yararlanma

4.1.    Təqdim olunan xidmətlərdən yalnız üzvlük kartını təqdim etməklə AMAK üzvü olan şəxs faydalana bilər. Üzvlük kartı təqdim olunmadıqda, AMAK və AMAK-ın partnyor şirkətlərinin xidmətin göstərilməsindən imtina etmək hüququ vardır.
4.2.    Üzvlük paketləri çərçivəsində təqdim olunan xidmətlərdən yararlanmaq üçün mütləq *5858 nömrəsinə zəng etməlisiniz, əks halda üzv tərəfindən birbaşa təşkil olunan xidmətlərə görə AMAK tərəfindən heç bir ödəniş olunmayacaq.
4.3.    Kart sahibinin üzvlük kartına hesablanmış bonuslar nağdlaşdırılmır. Bonuslar kartın istifadə müddəti ərzində yalnız AMAK-ın xüsusi onlayn mağazasında təqdim olunan məhsul və xidmətlərə dəyişdirilə bilər.
4.4.    Qazanılmış bonuslar, istifadəçinin hesabına əlavə olunduqdan 14 gün sonra aktivləşdirilir. Partnyorlardan əldə edilmiş məhsullar geri qaytarıldığı zaman hesablanmış bonuslar da ləğv olunur.
4.5.    Xidmətlərdən yararlanma şərtlərinə dəyişiklik etməkdə AMAK sərbəstdir. Dəyişikliklər baş verdikdə bu haqda məlumat AMAK əlaqə mərkəzi tərəfindən yayılacaq və AMAK-ın internet səhifəsində yerləşdiriləcək.
4.6.    Partnyor tərəfindən daxili endirim kampaniyası keçirildikdə, AMAK üzrə bonus və endirimlər tətbiq olunmaya və ya xüsusi şərtlərlə təklif edilə bilər.
4.7.    Bonus və endirimlərdən üzvlük kartının qüvvədə olma müddəti dövründə istifadə etmək olar.

Qeyd: Üzv, üzvlük kartından və illik üzvlük paketi üzrə təqdim edilən xidmətlərdən könüllü olaraq imtina etdikdə, istifadə edilməmiş qalan aylar üzrə üzvlük haqqı bank xərcləri nəzərə alınmaqla şəxsə hesablaşma hesabına köçürülməklə və ya nağd şəkildə geri qaytarılır. Bir ay üzrə xidmət haqqı üzvlük paketinin qiymətinin 12 aya bölməklə müəyyən edilir.

5.    Sifarişin ləğvi
5.1.    Bu təlimatın 3.1-ci bəndi ilə müəyyən edilmiş xidmətlər (3.1.5 istisna olmaqla) üzrə sifarişlər verildikdən sonra 15 dəqiqə ərzində AMAK üzvü tərəfindən ləğv edilərsə, xidmət üzvlük paketindən silinməyəcək. Əks təqdirdə sifariş ləğv olunsa belə üzvlük paketindən bu sifarişə uyğun olaraq xidmət balansdan silinəcəkdir.
5.2.    Texniki komanda sifariş verilmiş xidmətlərin təqdim edilməsi üçün təyin olunmuş yerdə üzvü/sürücünü 15 dəqiqədən çox olmayaraq gözləyəcəklər.  Yerində olmadığı təqdirdə bu müddət (15 dəqiqə) keçdikdən sonra üzvlə əlaqə saxlamaq mümkün olmadıqda, texniki komanda xidmət göstərməkdən imtina edə bilər. Belə olan halda, üzvlük paketindən bu sifarişə uyğun olaraq xidmət balansdan silinəcək.

6.    Xidmətlərin yerinə yetirilməzliyi

6.1.    Aşağıdakı hallarda təqdim edilən xidmətlər yerinə yetirilməyə və ya yerinə yetirilməsindən imtina edilə bilər:

6.1.1.    hava şəraiti xidmət göstərmək üçün çox əlverişsiz və təhlükəli olduqda (buzlu yollar və s.);
6.1.2.    xidmət göstəriləcək avtomobilə fiziki olaraq yaxınlaşmaq mümkün olmadığı hallarda (avtomobil yoldan çox kənarda, keçilməz yerlərdə olarsa);
6.1.3.    avtomobilin sahibi xidmət göstəriləcək avtomobilin yanında olmazsa (evakuasiya zamanı və s.);
6.1.4.    AMAK üzvü xidmət göstərən heyət ilə təhlükəli, aqressiv şəkildə rəftar edərsə;
6.1.5.    əgər qəza baş verərsə və polis xidmətin göstərilməsinə icazə verməzsə (evakuasiya və s.);
6.1.6.    əgər üzv tərəfindən etibarlı (müddəti bitməmiş) üzvlük kartı təqdim edilməzsə;
6.1.7.    AMAK üzvü bu təlimat üzrə öhdəliklərini kobud şəkildə pozduqda və əlaqə mərkəzinin xidmətlərindən sui-istifadə etdikdə.
6.2.    Bu Təlimatın 6.1.4, 6.1.6 və 6.1.7-ci yarımbəndləri üzrə müəyyən edilmiş hallar aşkar olunduqda üzvlük kartı AMAK tərəfindən deaktivasiya olunur.
6.3.    Deaktivasiya olunan kart üzrə xidmətlər təqdim edilmir və ödənilmiş üzvlük paketi üzrə ödənilmiş məbləğ geri qaytarılmır.

7.     “Dostunu dəvət et” bonus proqramı

7.1.    AMAK “Dostunu dəvət et proqramı” çərçivəsində klub üzvlərini və dəvətləri ilə AMAK-a daxil olan yeni üzvləri aşağıda qeyd olunan şərtlər daxilində bonus və endirimlərlə mükafatlandırılırlar.
7.2.    “Dostunu dəvət et proqramı” dəvət edənin üzvlük nömrəsi əsasında həyata keçirilir. Dəvət keçidi sosial media səhifələri, saytlar, ismarıc proqramları və email vasitəsilə paylaşması mümkün və sonra 6 rəqəmli dəvət edən (məsələn: https://amak.az/r/220983) formatında baş tutur. Burada r - referral üzvünün nömrəsi yer alır. Həmin keçiddən istifadə edən və müvafiq xanaları dolduran yeni üzvlərə görə həm dəvət edən, həm də dəvət olunan tərəflər mükafatlandırılır, xüsusi endirimlər əldə edirlər.  
7.3.    Yeni üzvün qeydiyyatının aparılması ilə əlaqədar dəvət edən üzvə yeni üzvün seçdiyi və ödədiyi üzvlük paketinin 10%-i dəyərində bonus hesablanır. Bonus yalnız ödənişli paketlər alınan zaman hesablanır və dəvət edilən üzv Pro və ya VIP paketinə keçdikdən sonra dəvət edənin hesabına əlavə edilir. Dəvət edilən şəxs hər dəfə üzvlük paketini yenilədikcə dəvət edənin hesabına uyğun miqdarda bonus əlavə olunur.
7.4.    Dəvət edilən şəxs Starter üzvlük paketi seçərsə, və ya  Starter paketi seçərək topladıqları bonuslar hesabına Pro və ya VIP paketi alarsa, dəvət edən şəxsə bonus hesablanmır.
7.5.    Dəvət edilən şəxs yalnız ilk qeydiyyat zamanı endirimdən yararlana bilər.
7.6.    “Dostunu dəvət et proqramı”-ından istifadə qaydaları bu təlimatın 7-ci bəndi ilə tənzimlənir.
7.7.    Dostunu dəvət et proqramının qaydaları, hədiyyə bonuslar, tətbiq edilən endirimlər və digər şərtlər istənilən zaman AMAK tərəfindən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

8.    Bonus proqramına daxil olan xidmətlər

8.1.    AMAK+ bonus proqramı haqqında məlumatları 24/7 rejimdə fəaliyyət göstərən əlaqə mərkəzinə, *5858 nömrəsinə zəng etməklə və ya www.amak.az internet səhifəsi, eləcə də AMAK-ın sosial şəbəkə profillərinə daxil olmaqla əldə etmək olar.

*Qeyd: AMAK üzvlük kartınızı itirsəniz, bu barədə dərhal 24/7 rejimində fəaliyyət göstərən AMAK Əlaqə Mərkəzinə *5858 nömrəsinə zəng edib məlumat verməlisiniz. İtirilmiş üzvlük kartı ləğv olunaraq, əvəzinə yenisi (itirilmiş kartda olan xidmətlər, bonus və s. haqqında bütün məlumatların qorunub saxlanılması şərtilə) üzvün ödənişi müqabilində AMAK tərəfindən təmin edilir.