AMAK İctimai Birliyi “Azərbaycanda əlilliyi olan insanlar üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə 30.11.2017 tarixində “Əlilliyi olan insanlar üçün müyəssər cəmiyyət” mövzusunda Dəyirmi Masa tədbiri həyata keçirmişdir. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzinin konfrans zalında keçirilmişdir.
Tədbirin məqsədləri aşağıdakılar idi:
- Bütün tərəfdaşları bir araya gətirərək, əlilliyi olan insanlar, onların bərabər hüquqları barədə məlumatlılıq səviyyəsini artıırmaqdır;
- Əlilliyi olan şəxslərin cəmiyyətin bərabərhüquqlu üzvü olmasına mane olan səbələri üzə çıxarmaq;
- Əlillik sahəsində mövcud qanunvericilik və proqramlar haqda iştirakçıları məlumatlandırmaq;
- Əlilliyi olan şəxslərlə etik davranışlar barədə məlumatlandırmaq;
- Əlilliyi olan insanlar üçün maneəsiz həyatın təmin edilməsi istiqamətində mövcud vəziyyəti və əlaqədar hökumət və qeyri –hökumət qurumlarının bu prosesdə tutduğu mövqeni müəyyən etmək;
- Müyəssərlik haqda məlumatlılıq səviyyəsini artırmaq;
Dəyirmi Masada Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Bakı Metropoliteni, Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Ümumdünya Səhiyyə Təşkilatı, British Council və yerli QHT-ləri təmsil edən 41 nümayəndə iştirak etmişdir.
Tədbir zamanı spikerlər aşağıdakı mövzularda çıxışlar etdilər:
- Açılış nitqi—Vüqar Həsənov, ƏƏSMN yanında Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzinin Direktoru və Vüsal Rəcəbli, AMAK-ın Prezidenti
- Layihə haqqında məlumat—Vəfa Hüseynli, Yol Hərəkəti Təhlükəsizliyi Layihələri və Təlimlər üzrə Meneceri
- “Əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması; mövcud qanunvericilik və proqramlar”- Müqalib Mahmudov—Ombudsman Aparatı, Sektor müdiri
- “Əlilliyi olan uşaqların təhsilə cəlb olunması-inklüziv təhsil”-Məlahət Hacıyeva
- “Əlilliyi olan şəxslərlə münasibətdə düzgün termin və ifadələrin istifadəsi”—ƏƏSMN yanında Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzinin baş elmi işçisi Zəhra Həsənova
Tədbir aşağıdakı suallar ətrafında müzakirələrlə davam etmiş və bütün iştirakçılar təmsil etdikləri qurumların qoyulan məsələ ilə bağlı fikir və mövqeyini ifadə etmişlər:
- Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün hansı maneələr var?
- Maneələri yaradan hansı səbəblərdir?
- Səbəbləri aradan qaldırmaq üçün nə edə bilərik?