No Image

Yol təhlükəsizliyi mövzusunda təqdim olunan işlərin müsabiqəsi keçirilib

08 November 2017 - XƏBƏRLƏR , LAYİHƏLƏR

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi (AMAK) tərəfindən icra olunan “Yol təhlükəsizliyi məktəblilərin obyektivində” mövzusunda maarifləndirici müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin köməyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunan müsabiqənin məqsədi  orta ümumtəhsil məktəblərində yaradıcı yeniyetmələrin üzə çıxarılmasından ibarətdir. Bu məqsədlə cari ilin sentyabr-oktyabr aylarında 5 nominasiya şəkil, plakat, şüar, yaradıcı əl işi və video  nominasiyaları üzrə keçiriləcək müsabiqənin şərtləri məktəblərə paylanılıb, iştirak etmək istəyən məktəb nümayəndələri ilə müvafiq işlər görülüb və təqdim olunan materiallar AMAK-ın ofisində toplanılıb.

İlkin mərhələdə nəzərdə tutulurdu ki, müsabiqədə Bakı şəhəri üzrə otuza yaxın hədəf məktəbi iştirak etsin. Lakin daha çox məktəbin bu müsabiqədə iştirak niyyətini nəzərə alan layihə qrupu bütün Bakı məktəblərinin bu prosesə qoşulması üçün şərait yaradıb. Qısa müddət ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin operativ və fəal dəstəyi sayəsində müsabiqə ilə bağlı elan bütün Bakı məktəblərinə çatdırılıb. Nəticədə müsabiqəyə müxtəlif nominasiya üzrə iki yüzə yaxın iş təqdim olunub.

Müsabiqəyə təqdim olunan işlər qeydiyyata alınaraq, nominasiya üzrə qruplaşdırılıb və müvafiq qaydada kodlaşdırılıb. Bakı şəhər BPİ DYP İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovdan, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları Fəridə Süleymanova və rəssam Nagiyə Rzayevadan ibarət təşkil olunan münsiflər heyəti tərəfindən müsabiqəyə yekun vurulub. Müsabiqəyə təqdim edilən işlər hər nominasiya üzrə ayrı-ayrılıqda qiymətləndirilib  müvafiq yerlərə layiq görülüb. Hər nominasiya üzrə 1-3 yerlərə layiq görülən işlərin müəllifləri müsabiqənin qalibləri elan olunublar. Bununla yanaşı müsabiqənin qiymətləndirilməsi zamanı münsiflər heyəti tərəfindən həm də 4-10 yerlərə layiq görülən işlər müəyyən edilib.

Layihənin yekun mərhələsində qalib işlərin müəllifləri müvafiq qaydada təltif ediləcək, müsabiqədə 1-10 yerlərə layiq görülən işlərin elektron və jurnal formatında çap kataloqu yaradılacaq. Çap ediləcək kataloq layihənin yekunlara həsr olunacaq tədbirdə qaliblərə və onların təmsil etdikləri məktəblərin nümayəndələrinə, həmçinin təhsil müəssisələrinə və uşaq və gənclər təşkilatlarına təqdim ediləcək. Yekun tədbir cari ilin noyabr ayının 2-ci yarısında kütləvi informasiya vasitələrinin geniş iştirakı ilə keçiriləcək.