No Image

“YOLLARDA ÖLÜMSÜZ BİR GÜN!” adlı maarifləndirici görüş və aksiya

25 October 2017 - XƏBƏRLƏR , TƏDBİRLƏR

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) sentyabr ayından etibarən Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr çərçivəsində bir sıra maarifləndirici aksiyalara başlamışdır. Bu fəaliyyətlərin bir hissəsi kimi 20-21 sentyabr, 2016-cı il tarixlərində AMAK 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Yollarda ölümsüz bir gün!” şüarı altında Bakı şəhərinin 31, 32, 126, 164, 258 №-li məktəblərdə görüşlər keçirmişdir. Görüşlər həmçinin Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Stay Bright” (Əlvan Ol) kampaniyasına dəstək olaraq məktəblərdə şagird və müəllimlər arasında yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirmə işi aparmaq məqsədi daşıyırdı. Görüşlər zamanı məktəblilərə AMAK haqqında qısa təqdimat, FIA “Stay Bright” (Əlvan ol) kampaniyasına dair videolar göstərilərək məktəblilərlə maraqlı müzakirələr aparıldı. Məktəblərdə keçirilən görüşlərdən sonra AMAK yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri çərçivəsində 23 sentyabr, 2016-cı il tarixində Avropa Komissiyasının “Project EDWARD” (Avropa Yollarında Ölümsüz Bir Gün) kampaniyasına dəstək olaraq 31, 32, 96, 126, 151, 164, 283, 258 №-li məktəblərin şagirdləri ilə Bakı şəhəri Beşmərtəbə dairəsində aksiya keçirdi. Bu aksiyada Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin əməkdaşı polis mayoru İsa Deystani , Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik-leytenantı Rasim Abdullayev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Vüsal Nağıyev və ATV, SPACE TV, Avtosfer.az saytının direktoru Elməddin Muradlı, Azər Tac, “REPORT” TV və digər KİV nümayəndələri iştirak etdi. Ümumilikdə 3 gün ərzində keçirilən görüş və aksiyaya Bakı şəhərinin fərqli məktəblərindən 500 uşaq cəlb olundu.

Aksiya zamanı polis geyimində olan məktəbli uşaqlar yol polislərinin köməyi ilə sürücüləri və piyadaları dayandırır, onlara yaxınlaşıb özlərini təqdim edir, qayda pozuntusunun təhlükə yaradacağı barədə fikirləri sürücülərə bildirirdilər və onlara avtomobil sürərkən, piyadalara isə yol keçərkən ehtiyatlı olmağı bir daha xatırlatdılar. Aksiya zamanı sürücülərə və piyadalara Beynəlxalq Avtomobil Federasiyasının "Stay Bright" (Əlvan ol) adlı kampaniyasının və AMAK-ın qaranlıqda görünmək üçün fosforlu yapışqanları, açarlıqlar, avtomobillərdə xüsusi uşaq oturacaqlarının istifadəsinə dair maarifləndirici bukletlər və digər materiallar paylanıldı. 

Qeyd edək ki, AMAK 1999-cu ildə təsis olunmuş və 2015-ci ildə Beynəlxalq Avtomobil Federasiyasına (FİA) üzv qəbul olunmuşdur. AMAK yol yardımı xidməti, avtomobil ilə bağlı texniki, hüquqi məsləhətlər və klub üzvlərinə eksklüziv bonus və endirim proqramları təqdim edən avtomobil klubu olmaqla yanaşı, Azərbaycanda avtomobil turizmi və klub mədəniyyətini inkişaf etdirməyə xidmət edir, avtomobilistlərin maraqlarını və onları narahat edən məsələləri müvafiq dövlət qurumlarına çatdırmaqla onları təmsil edir. Qeyd olunanlarla yanaşı, sürücülərin təlim proqramlarının təşkili, sürücü və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə, eləcə də, tədqiqat layihələri vasitəsilə fəal şəkildə yol təhlükəsizliyinin təbliği AMAK-ın başlıca hədəflərindəndir. AMAK, eyni zamanda, beynəlxalq partnyorları olan Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST), Beynəlxalq Avtomobil Federasiyası (FIA), Beynəlxalq Avtomobil Federasiyası Fondunun (FIA Foundation), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Avtostop Media və digər tərəfdaşların iştirakı ilə bir sıra layihələr icraedəcəkdir.