No Image

Məcburi köçkün icmaları arasında yol hərəkəti təhlükəsizliyi mövzusunda intellektual müsabiqə keçiriləcək

31 May 2018 - LAYİHƏLƏR

2015-ci ildən Beynəlxalq Avtomobil Federasiyasına (FİA) “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi Baş Dövlət Yol Polisi İdarəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi (İSİM), Bakı Nəqliyyat Agentliyi, Həyat Beynəlxalq Humanitar təşkilatı, Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi, Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST),  ADA Universiteti, Bakı Mühəndislik Universiteti və digər qurumlarla əməkdaşlıq edərək Azərbaycanda sürücülər və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə müxtəlif maarifləndirmə və tədqiqat layihələri vasitəsilə yol hərəkəti təhlükəsizliyini təbliğ edir. Təşkilat beynəlxalq əməkdaşlıq imkanlarından faydalanaraq, bu sahədə əldə etdiyi bilik və təcrübəni Azərbaycanda tətbiq edir, eləcə də Azərbaycanı beynəlxalq tədbirlədə uğurla təmsil edir.

Hal-hazırda AMAK Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol hərəkəti təhlükəsizliyinin profilaktikası”  layihəsinin icrasına başlamışdır.

Layihənin məqsədi məcburi köçkün uşaqlarının yol hərəkəti qaydaları barədə biliklərini artırmaqla, onların yollarda daha təhlükəsiz davranmasına nail olmaqdır. Layihəyə cəlb olunacaq məcburi köçkün məktəblərinin şagird və müəllim heyəti müsabiqə öncəsi həmin məktəblərdə yol hərəkəti təhlükəsizliyi mövzusunda təşkil olunacaq məlumat sessiyalarında zəruri məlumatla təmin olunacaq və sosial əhəmiyyət daşıyan bu aktual məsələnin ayrı-ayrı aspektləri barədə maariflənəcəklər.

Xüsusi meyarlar əsasında seçiləcək müsabiqə iştirakçıları üçün yerlərdə hər məcburi köçkün rayonu üzrə məlumat sessiyaları təşkil ediləcək. Həmin sessiyalar zamanı potensial iştirakçılara müsabiqənin şərtləri və yol hərəkəti təhlükəsizliyi mövzusunun müxtəlif aspektləri barədə məlumat veriləcək. Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan  rayonlarının 143 məcburi köçkün məktəbi arasında 10 potensial müsabiqə iştirakçı-komanda (hər komandada 5 nəfər olmaq şərti ilə) müəyyən ediləcək.

Layihənin növbəti mərhələsində məcburi köçkün məktəblərini təmsil edən 10 komandanın iştirakı ilə  final müsabiqə keçiriləcək. Müsabiqənin nəticələrinə görə 1-3 yerləri tutan komandalar qalib elan olunacaqlar. Qalib komandanın üzvləri olan məcburi köçkün uşaqları (ümumilikdə 15 nəfər) qiymətli hədiyyələrlə təltif edilməklə  yanaşı, final müsabiqədə fəal iştirak etmiş digər iştirakçı-komandaların üzvləri də fəxri fərmanla təltif olunacaqlar.

Layihə çərçivəsində fəaliyyətlər  yaradılacaq icra qrupu tərəfindən müvafiq dövlət qurumları (DYP, Təhsil Nazirliyi və digərləri) ilə razılaşdırılaraq həyata keçiriləcək. Layihənin hər bir mərhələsi üzrə yerinə yetiriləcək işlər barədə ətraflı məlumat vaxtaşırı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılacaq. Layihədən  Bakı şəhərində fəaliyyət göstərən 143 məcburi köçkün məktəbində təhsil alan 29152 nəfər şagirdin faydalanacağı gözlənilir.

Layihənin davamlılığının təmin olunması layihə icraçılarının qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz bu səbəbdən müsabiqədə iştirak edən məcburi köçkün məktəblərinin yol hərəkəti təhlükəsizliyinin təbliği və təşviqi ilə bağlı davamlı tədris proqramlarının icrası üçün yanaşmanın formalaşmasına və əsasların yaradılmasına xüsusi diqqət yetiriləcək və məsələnin davamlılığını təmin etmək üçün müvafiq qərarverici orqanlara çatdırılacaq.