
Azərbaycan Milli Avtomobil Klubu 14 May 2019-cu il tarixində saat 10:00-13:00-da ADA universitetində “BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi”-nə həsr olunmuş “Yol-hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” adlı Dəyirmi Masa tədbiri keçirmişdir.
Dəyirmi Masada Təhsil Nazirliyi, AR DİN Baş Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT, ÜST, Qızıl Aypara Cəmiyyəti və yerli QHT nümayəndələri iştirak etmişlər.
Tədbirdə 27 dekabr 2018-ci il tarixində ölkə prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”-nın məqsədlərinə uyğun olaraq cəmiyyətin maarifləndirilməsində KİV-in, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu ilə bağlı müzakirələr aparılmışdır.
Tədbirdə spiker qismində AMAK-dan Vüsal Rəcəbli, AR DİN Baş DYP-dən Mübariz Ağayev, BNA-dan Mais Ağayev, YHT üzrə ekspert Ərşad Hüseynov, ÜST-dan Fənarə Bünyadzadə , Qızıl Aypara Cəmiyyətindən Səbinə Məhbubi-İran YHT dair dövlət proqramının səmərəli icrası üçün əməkdaşlıq yolları, YHT sahəsində beynəlxalq və milli səviyyədə mövcud vəziyyət, sahəyə aid problemlər və nailiyyətlərlə bağlı məlumatın cəmiyyətə düzgün ötürülməsi, yol hərəkəti təhlükəsizliyi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi barədə çıxışlar etmişlər. Həmçinin, spikerlər YHT üzrə nəzarət mexanizmlərinin gücləndirilməsini və əhali arasında YHT üzrə mədəniyyətin formalaşması üçün tədris proqramlarının təkmilləşdirilməsini vurğulamışlar. İştirakçılar AMAK-ın YHT üzrə cəmiyyətin maarifləndirilməsi missiyasını dəstəkləyərək YHT mədəniyyətinin formalaşması üçün ən əlverişli mühitin ailə, məktəbəqədər tədris müəssisəsi və məktəb olması fikrinə müsbət münasibət bildirmişlər.
Dəyirmi masanın yekunu olaraq iştirakçılar Dövlət Proqramının icrasında əsas diqqətin təhsilə yönəldilməsində və maarifləndirmədə KİV-in effektiv fəaliyyət göstərməsini qeyd etmişlər. Eyni zamanda görülən işlərin daha effektiv olması üçün QHT, media, hökümət orqanları və beynəlxalq təşkilatların əməkdaşlığının və birgə səyinin səmərəli nəticə verəcəyini vurğulamış və bu istiqamətdə AMAK, Təhsil Nazirliyi, AR DİN Baş DYP idarəsi, BNA, ÜST, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Qızıl Aypara Cəmiyyəti əməkdaşlığa açıq olduqlarını bildirmişlər.






